12.10.2018

Gənc müəllim rublikasının qonağı – Mətanət İsmayılova

Şəki rayonu Şin kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Mətanət İsmayılova Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 56 bal toplayıb. Gənc müəllim peşəsinə olan sevgisindən söz açaraq söhbətimizə körpü saldı.

Mətanət xanım, zəhmət olmasa Sizi tanıyaq?

Mən 1994-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuşam. 2000-ci ildə Tülü kənd tam orta məktəbinin 1-ci sinfinə getmişəm. 2012-cü ildə Bakı Qızlar Universitetində daxil olub, 2016-ci ildə həmin universiteti bitirmişəm.

Mətanət xanım, belə bir ənənəvi sualımız var. Niyə müəllim olmağa qərar verdiniz?

Mən bu suala cavabı Ümummilli Liderimiz Heydər Əliyevin müəllim haqqinda dediyi bu fikri ilə başlamaq istəyirəm "Mən dünyada müəllim adindan yüksək, şərəfli bir ad tanimiram”. Bu fikirlə tam razıyam. Bu cəmiyyətə həkimi də, polisi də,  hərbiçini də, müəllimin özünü də yetişdirən müəllimdir. Bu ad çox böyük addır. Uşaqlıqdan bu peşəni sevmişəm. Bu gün mən bu şərəfli adı daşıdığım üçün çox sevinirəm. Mən çox xoşbəxtəm ki, şagirdlər məni  "Müəllim" deyə çağırırlar.

İlk dərs gününüz necə keçdi?

Olduqca yaxşı keçdi. İlk dərs üçün sinifə daxil oldum, şagirdlərlə taniş oldum. Təzə müəllim gəlmişdi deyə daha da maraqla məni dinləyirdilər. Şagirdlərlə ilk mövzu təbii ki, vətənpərvərlik mövzusu oldu. Vətənpərvərlik mövzusu ətrafında olduqca geniş danışdıq. Daha çox Aprel döyüşləri haqqında şagirdlərlə söhbət etdik. Şagirdlərdə olan  oxumaq həvəsi və coğrafiya fənninə olan maraq məndə olan həyəcan hissini sevinc hissi ilə əvəz etdi.

Kənddə yaşayışınız üçün Sizə məktəb rəhbərliyi tərəfindən nə köməklik göstərilib?

Məktəbin direktoru tərəfindən yaşayış şəraiti üçün lazımi köməklik göstərilib. Həmçinin müəllim kollektivinə də öz təşəkkürümü bildirirəm ki, onlar da əllərindən gələn  köməyi əsirgəməyiblər. Bura gəldiyim ilk gündən mənə onların hər biri qayğı ilə yanaşıblar. Çox şadam ki, bu cür sağlam kollektivlə çalışıram...

Necə oldu yaşadığınız rayonda xeyli uzaq rayonda işləməyi seçdiniz?

Düzü valideyinlərim uzaq yerə getməyimi istəmədilər, lakin mənim təkidim və istəyim ilə razılaşıb mənə dəstək oldular. Məsafə uzaqlığı məndəki müəllim olmaq istəyinə təsir edə bilməzdi. Bu kəndi seçdim və seçimimdən heç də narazı deyiləm.

Siz Azərbaycan Cografiya dərsliyini yazsaydınız, hansı mövzuları daha cox əhatə edərdinz?

Dərslik yazmaq dəqiqlik və çox məsuliyyət tələb edən bir işdir. Çünki onun oxucusu şagirdlərdir.

Mən Azərbaycan coğrafiyası dərsliyində müasir dövrümüzdə şagirdləri daha cox maraqlandıran mövzulara geniş yer verərdim. Məsələn - Ətraf mühitin mühafizəsi, Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi onlarin iqtisadi inkişafa təsiri, Azərbaycanın turizm-rekreasya ehtiyyatları və.s. Mənim fikrimcə müasir dövrümüzdə bu mövzular şagirdləri daha çox maraqlandırır.

Tələbə olarkən xəyallarınızdakı iş yeri nə olub?

Tələbəlik illəri insanın gəncliyinə təsadüf etdiyi üçün onun bu dövrdəki arzuları, düşüncələri, gələcəyi ilə bağlı planları şəxsin kimliyini ortaya çıxarır. Bu dövürdə  mən nə üçün çalışdığımı, nəyin uğrunda mübarizə apardığımı artıq bilirdim. Mən uşaqlıqdan arzusunda olduğum müəllimlik üçün çalışırdım. Çalışırdım ki, mənə veriləcək "Müəllim" adına laiq olum.

Müəllim olmaq istəyən şəxslərə nə tövsiyə edərdiniz?

Mənim müəllim olmaq istəyən şəxslərə tövsiyəm odur ki, birincisi ixtisasına sevgi ilə yanaşmaq, ikinci məsuliyyətli olmaq vacibdir. Müəllim olmaq arzusunda olan hər kəs daim axtarışda olmalı, yeni biliklər əldə etməli və biliklərini daha möhkəmləndirməlidirlər. Hər kəsə bu şərəfli və müqəddəs yolda uğurlar arzu edirəm.

 


Açar sözlər: ,  ,