01.10.2018

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

Oktyabrın 1-də bütün dövlət ümumi təhsil müəssisələrində olduğu kimi, Şəki rayonunda yaradılmış məktəbəhazırlıq qruplarında da məşğələlərə başlanılıb.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata keçirilir. Həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Bu qruplarda dərs ili iki yarımilə bölünür və məşğələlər mayın 31-də başa çatır.

Şəki rayonu üzrə 2018-2019-cu tədris ilində 2049-dan çox uşaq məktəbəhazırlıq qruplarında təhsil alacaq. Ümumilikdə isə rayonun 74 məktəbində 118 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək.