13.09.2018

Nərmin İsmayılova: Təməl güclü olmalıdır ki, sonrakı hazırlıqlar ağır gəlməsin.

Mən, Nərmin İsmayılova  2000-ci il noyabr ayının 12-də Şəkidə anadan olmuşam. 2007-ci ildə Şəki şəhər fizika- riyaziyyat və hümanitar təmayüllü liseyin birinci sinifə getmişəm. 2018-ci ildə keçirilən qəbul imtahanında 700 bal toplayaraq, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olmuşam.

            Niyə III qrupa üstünlük vermisiz?

            - Hümanitar fənlər mənə daha asan gəlirdi. Eyni zamanda tarix və ədəbiyyat fənlərini daha çox marağım var idi. V-VI siniflərdən etibarən bədii ədəbiyyatla yaxından maraqlanmağa başladım. Tarix müəllimim isə mənə hər zaman “Səndən yaxşı tarixçi olar” deyərdi. Düşünürəm ki, bu tarixi mənə sevdirən amillərdən bir olub.

            Ən çox hansı fənni və nə üçün sevmisiz?

                -Tarix və ədəbiyyat. İkisi arasında ən çox ədəbiyyat fənnini sevirəm. Doğrudur, bütün fənlər bizim dünya görünüşümüzü, biliyimizi artırır, ancaq ədəbiyyat daha geniş təsirə malikdir. Doğru qərar vermək, tərəddüdlü məsələləri həll eləmək üçün bəzən ədəbiyyatdan da yararlanmaq lazımdır.

            700 bal toplamaq üçün bütün gün dərs oxumaq əsas şərt hesab oluna bilər?

-Bütün gün deyil. Məktəbin ilk illərindən normal hazırlaşmaq lazımdır. Günün 7-8 saatını hazırlaşmışam, geridə qalan vaxtı isə istirahətə və digər məsğuliyyətlərə sərf etmişəm.

Gələcək hədəfləriniz nələrdir?

-Təhsilimi mükəmməlləşdirmək, ixtisasımı dərindən öyrənməkdir. Hal-hazırkı uğurumu qorumaqla gələcəkdə daha böyük uğurlara nail olmaq, ailəmin, sevdiklərimin başını daim bu uğurlarla uca etməkdir.

700 bal topladığınıza ən çox sevinən kim oldu?

-Ailəm məndən bu nəticəni gözlədiyi üçün o qədər də təəccüblənmədilər, lakin cox sevindilər. Xususilə də anam. O anın sevincini sözlə ifadə edə bilməyəcəm.

İkinci qəbul imtahanında nəticənizi daha da artırmağınızda nəyə borclusunuz?

-Daha çox diqqətli olmağa çalışdım. Birinci imtahanda diqqətsizlikdən nisbətən zəif nəticə göstərmişdim. Maksimal nəticə əldə etmək üçün bəzi fənlər üzərində daha çox çalışdım.

Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?

-2007-ci ilin sentyabrında birinci sinfə daxil olanda bu uzun və şərəfli yolda məni nə gözlədiyini hələ bilmirdim. Əlimdən tutub yazmağı mənə öyrədən sinif müəlliməmə minnətdaram. Elə o vaxtdan hədəfim yaxşı oxuyub əlaçı olmaq idi. Hədəfimə çatmaq da müəllimlərimin rolu və valideynlərimin dəstəyi əvəzsizdir.

Məktəb mənə sadəcə bilik verməyib, şəxsiyyət kimi formalaşmağımda böyük rol oynayıb. Müəllimlərimiz sadəcə ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənməyib, həmçinin bizi həyata hazırlayıblar. Hər birinə bir daha təşəkkür edirəm.!

Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

-Daha çox kitab oxuyuram, xususilə də bədii kitablar. Filmlərə baxmaq və musiqi dinləmək də boş vaxtlarımdakı məşğuliyyətlərim arasındadır.

Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

-Fikirimcə uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Başqalarının fikirinə çox əhəmiyyət vermədən sadəcə “Bunu bacarmalıyam və bacaracam da” deyə bilməkdir. Sonra isə səbirli və təmkinli olmaqdır.

Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

-Əlbəttə ki, ali məktəbə maksimal balla qəbul olunmaq sözün əsl mənasında, qürurvericidir. Çox sevinirəm ki, bu nəticə ilə -700 balla- universitetə daxil olmuşam. Sözsüz ki, yüksək balla universitetə qəbul olunmaq üçün əvvəlcə gərək, əsl vətənpərvər olasan. Doğma Azərbaycanımızı daim sözdə  yox, əməldə  sevdiyini sübut edəsən. Gələcəkdə cəmiyyətə layiqli bir vətəndaş olmağı qarşına məqsəd qoymalı, bir kadr kimi ölkəyə və xalqa xeyir verəsən.

Sənin üzərində zəhməti olan valideynlərini, müəllimlərini sevindirmək üçün aşağı siniflərdən sistemli oxumağı özünə aşılamalısan. Məncə, yalnız son siniflərdə hazırlıq düşüncəsi düzgün yanaşma deyil.

Ali məktəbə qəbul imtahanı qabağı həyəcanı dəf etməli və özünə inamlı olmalısan. İmtahan zamanı sanki, zalda təksən kimi davranmalı, bütün diqqətini sualların düzgün cavablandırılmasına yönəltməlisən. Sonrakı mərhələdə düzgün ixtisas seçimi aparmaq da vacib şərtlərdəndir.Bütün məktəbli dostlarımız bilsinlər ki, onların iradəsi və əzmi qarşısında reallaşmayan arzu, keçilməyən sədd yoxdur.


Açar sözlər: ,