18.07.2018

Attestatların verilməsinə başlanılıb

Şəki Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara  fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Ötən ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.

Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

Rayon ümumi təhsil müəssisələrində XI sinif üzrə 115 fərqlənmə, 1572 adi, IX sinif üzrə 47 fərqlənmə, 1915 adi attestat veriləcək. Fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.