13.07.2018

Təhsil naziri Balakən şəhərində vətəndaşları qəbul edib

İyulun 13-də təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri ilə yanaşı burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), dərs yükünün artırılması, işə qəbul və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Bir sıra müraciətlərlə bağlı yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

 

* * *

 

Təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub.

Ceyhun Bayramov məktəbin sinif otaqlarını gəzib, fənn kabinetlərinə, kitabxanaya, akt və idman zallarına baxıb, müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını deyən nazir bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Təhsil naziri regionlarda, ucqar yaşayış məntəqələrində bu cür məktəb binalarının tikintisinin ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisi olduğunu vurğulayıb.

Məlumat verilib ki, təhsil müəssisəsinin tikintisinə 2016-cı ilin oktyabr ayında başlanılıb və bu ilin yanvarında şagirdlərin istifadəsinə verilib.  374 şagirdin təhsil aldığı məktəbin ümumi sahəsi 3000 kvadratmetrdən çoxdur. İkimərtəbəli məktəb binasında 22 sinif otağı, 3 fənn kabineti, kompüter, hərbi hazırlıq və tibb otaqları, kitabxana, bufet, akt və idman zalları, eləcə də məktəbin həyətində mini idman meydançası fəaliyyət göstərir.

Təhsil müəssisəsində şagirdlərin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Onlardan 38-i ali təhsillidir.


Açar sözlər: ,