Mayın 6-da rus dili və ədəbiyyatı üzrə X olimpiadanın yekununa dair mərasim keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər iştirak ediblər.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil olunan olimpiada bu ilin yanvar ayından may ayınadək keçirilib. Olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib. Sonda 170 iştirakçı olimpiadanın qalibi olub.
Qeyd edək ki, şimal- qərb bölgəsi ümumtəhsil məktəblərinin şagirdləri üçün olimpiada aprelin 13-də Şəki rayonunda təşkil olunmuşdu. Olimpiadanın nəticələrinə əsasən isə Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Mülayim Hümmətov, Şəki şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Aydan Zakirli, 5 nömrəli tam orta məktəbin şagirdi Sofiya Fedotova olimpiadanın qaliblərindən olublar.
Olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası olub.