05.06.2018

Müəllimlərin yerdəyişməsi ilə bağlı daha çox verilən suallar və onların cavabları

İyunun 4-dən müəllimlərin yerdəyişməsinə başlanılıb. Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan  keçməlidirlər.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

Yerdəyişmə prosesi iyunun 11-dək davam edəcək.

Müəllimlərin yerdəyişməsi ilə bağlı daha çox verilən suallar və onların cavabları təqdim edilir:

 

Sual: Respublika üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə 2018-ci ilin 26-27 aprel tarixlərində keçirilən müsahibələrdə uğur qazanmış müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklərmi?

Cavab: Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

 

Sual: İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulub?

Cavab: Mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.

 

Sual: İş yerini dəyişmək istəyən müəllimlərin imtahan ballarının bəzi sosial amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman və kim tərəfindən həyata keçiriləcək?

Cavab: Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra  namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.

 

Sual: Müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsinə çıxarılan vakant yerlər ilə necə tanış olmaq olar?

Cavab: Namizəd qeydiyyatdan keçdikdən sonra elektron ərizənin tələb olunan bölmələrinə şəxsi məlumatlarına əsasən məlumatları yerləşdirir. Məhz bundan sonra elektron ərizənin son bölməsində namizəd yalnız öz ixtisasına uyğun olaraq vakant yerlərə  baxaraq seçim edə bilər.

 

Sual: İki ixtisasa malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?

Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak etmişdirsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.

 

Sual: Elektron ərizəni təsdiq etdikdən sonra vakansiya seçimini dəyişmək olar?

Cavab: Vakansiya seçimi edib, elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.

İş yerini dəyişmək istəyən namizədlərin elektron ərizələrində yerdəyişmək istədikləri 4 vakant yer seçimi etmək hüququ vardır. Vakansiyaları seçimindən öncə vakant yer elan olunan məktəbin yerləşdiyi ünvan haqqında məlumatla tanış olmağınız tövsiyə edilir. Bunun üçün hər bir vakansiyanın qarşısında “Ətraflı” bölməsi yaradılıb. Həmin bölmə vasitəsilə məktəb haqqında ətraflı məlumt əldə edə bilərsiniz. Qeyd olunan vakant yerləri seçərkən diqqətli olmanız, həqiqətin iş yerinizi dəyişmək istədiyiniz müəssisəni seçməyiniz xahiş olunur.

 

Sual: Namizəd iş yerini dəyişdikdən sonra imtina edərək əvvəlki iş yerinə qayıda bilərmi?

Cavab: İş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcəkdir. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.

 

Sual: Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişə bilərmi?

Cavab: Həmin müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.


Açar sözlər: