29.05.2018

Şəki şəhər 5 nömrəli tam orta məktəbdən rekord göstərici

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən  ümumtəhsil məktəblərinin 1200 nəfər şagirdi qəbul imtahanlarında iştirak edib. İlkin məlumata əsasən, 61 şagird 600-dən, 154 şagird isə 500-dən yuxarı nəticə göstərib. Rayon üzrə qəbul imtahanlarının yaz sessiyasında ən yüksək nəticəni göstərən məktəb isə Şəki şəhər 5 nömrəli tam orta məktəb olub.

2012-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olan Şəki şəhər 5 nömrəli tam orta məktəb Şəki rayonunun ən qabaqcıl məktəblərindən biridir və  hər zaman uğurları ilə seçilir.

1831-ci ildə Nuxa rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayan bu qocaman təhsil ocağı Şuşadan sonra Qafqazda yaranan ikinci dünyəvi məktəbdir. Məktəbin zəngin təhsil ənənələri var. Azərbaycanın görkəmli mütəfəkkiri M. F.Axundzadə, Sabit Rəhman və neçə-neçə tanınmış elm və incəsənət xadimi, şair və yazıçılar vaxtı ilə bu məktəbdə təhsil alıblar. Bu gün də məktəb əvvəlki şöhrətini qoruyub saxlayır, təhsil ənənələrini davam etdirir. Hər il məktəbi bitirən məzunların 75-80 faizi ali məktəblərə qəbul olunur. Son 4 ildə məktəbin şagirdlərindən 6 nəfəri qızıl medala layiq görülüb, 5 şagird respublika fənn olimpiadalarında medal qazanıb. Ötən il məktəbin 28 məzunundan 24-ü ali məktəblərə daxil olub. Onlardan 6 nəfəri 600 baldan, 5 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.

Şəhər 5 nömrəli tam orta məktəbi bu il bitirəcək 34  şagirdin hamısı ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasında iştirak edərək tələbə adını qazanmağa şans əldə ediblər. Xüsusilə, XIa sinifdə təhsil alan bu ilin məzunları olacaq 20 şagirdin hamısı ali məktəblərə qəbul olunma şansı qazanıb. Onlardan 7-si isə 600-dən yuxarı bal toplayıb. Şagirdlərdən 7-si 600-dən, o cümlədən, 6-sı 650-dən, 2-si 500-dən, 6-sı 400-dən, 5-i isə 350-dən yuxarı nəticə göstərib.

650 baldan yüksək nəticə göstərən şagirdlər əldə etdiyi uğurla kifayətlənmək istəmir, iyul ayında keçiriləcək imtahanların ikinci turunda ballarını daha da yüksəldəcəklərinə inanırlar.

Sinif rəhbəri Sevda Əliyeva 7 ildir ki, bu sinfə rəhbərlik edir. Yetirmələrinin uğurlarından qürur hissi keçirdiyini bildirir:

- Şagirdlərimin belə yüksək nəticə göstərmələrinin əsas səbəbi əzmkar olmaları, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etmələri, müəllimləri tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmələri, təhsil sahəsində bir-birləri ilə sağlam rəqabət aparmalarıdır. Şagirdlərimiz respublika fənn olimpiadalarında həmişə yüksək nəticələr göstərib, bilik yarışlarında müntəzəm olaraq iştirak ediblər. Yetirmələrimə həyatın keşməkeşli yollarında uğurlar arzulayır və inanıram ki, onlar məktəbimizin adını daha da yüksəklərə qaldıracaqlar.

Aytac Hüseynli qəbul imtahanında sinif üzrə hamıdan çox – 672 bal toplayıb. Həmçinin, o, təhsil aldığı müddətdə bir sıra uğurlar da əldə edib. 2016-2018-ci illərdə Respublika fənn olimpiadalarının final turunun 2 qat qalibi olub. 2018-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin Respublika mərhələsinin qalibi olub:

  • Müəllimlərim, valideynlərim sayəsində elmə, təhsilə marağım gündən-günə artır, sinif yoldaşlarımla rəqabət hər birimizə müsbət təsir göstərirdi. Qəbul imtahanının  nəticəsindən o qədərdə razı deyiləm. 700 bal toplamağı qarşıma məqsəd qoymuşdum. Bu dəfə alınmadı. Çalışacağam ki, qəbul imtahanlarının yay sessiyasında daha yüksək nəticə əldə edim. Arzum seçəcəyim ixtisasdan asılı olmayaraq  vətənimə, millətimə  layiqli və faydalı biri olmaqdır.

 


Açar sözlər: ,  ,  ,