Şəki şəhər 12 nömrəli tam orta məktəbdə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş “Dünənin, bu günü, sabahın şairi” adlı xatirə gecəsi keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması, onlarda bədii qiraət bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Dövlet Himni ilə başlayan tədbirdə çıxış edənlər bildiriblər ki, Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır. "Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil etmişdir.
Daha sonra məktəbin şagirdləri tərəfindən şairin “Oxutmuram əl çəkin”, "Qorxuram", “Bilməm nə görürdü bu oğlan oxumaqda”, “Şairlərimizə nəzirə” və digər şeirləri ifa olunub, müxtəlif səhnəciklər göstərilib.