Şəki Şəhər Təhsil Şöbəsi təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz” adlı intellektual bilik yarışması keçirilib. Yarışda hər birində 4 nəfərdən ibarət komanda olmaqla 46 tam orta məktəb iştirak edib.
` Yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında məntiqi təfəkkürün, özünə güvə hissinin aşılanması, elmə, təhsilə həvəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
Yarışmanın finalında 39 sualdan 27-nə düzgün cavab verən şəhər 1 nömrəli tam orta məktəbin komandası I, 22 suala düzgün cavab verən şəhər 7 nömrəli tam orta məktəbin komandası II, 20 suala düzgün cavab verən şəhər 18 nömrəli tam orta məktəbin komandası III yerə layiq görünüb.
Qalib komandalar Şəki Şəhər Təhsil Şöbəsin tərəfindən fəxri fərmanlarla təltif olunub.