Şin kənd tam orta məktəbdə repressiya qurbanı, istedadlı şair Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əfəndi İsmayılov qeyd edib ki, Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Gecədə iştirak edən qonaqlar çıxış edərək Müşfiq yaradıcılığının insanların dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynadığını, şagirdlərin vətənpərvər ruhda böyüməsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Daha sonra şagirdlərin ifasında şairin “Yenə o bağ olaydı”, “Oxu tar!”, “Ürək”, “ Ədəbiyyat nəğməsi”, “Mənim eşqim” və digər şeirləri səsləndirilib.