Məlum olduğu kimi, 1999-cu ilin noyabr ayında YUNESKO-nun baş konfransında alınan qərarla 21 fevralı Beynəlxalq Ana Dili günü elan edilib. Bu münasibətlə Şəki şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseydə“Ana dilimiz şirindir” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir ana dilimizin zənginliyinə,onun saflığının qorunub saxlanılmasına və tarixi keçmişinə həsr edilib.
Tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin ilin əvvəlindən bəri qazandıqları bilik və bacarıqları nümayiş etdirmək, onlara ana, vətən, torpaq məhəbbətini aşılamaq, əldə etdikləri bilik və bacarıqlara qiymət verməkdən ibarətdir.
Dövlət Himni ilə başlayan tədbirin gedişində ibtidai sinif müəllimi Günel İslamovanın yetirmələri olan III d sinfinin şagirdləri hazırladıqları şeir, musiqi parçaları, aforizmlər söyləmiş,həmçinin maraqlı səhnəciklərlə və rəqslərlə çıxış ediblər.
Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və liseyin direktoru Firqət Məmmədov çıxış edərək ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb, o cümlədən milli sərvətimiz olan ana dilimizin qorunub saxlanılması istiqamətində hamılıqla çalışmağın vacibliyini bir daha vurğulayıblar.