Fevralın 8-də Şəki Şəhər 5 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Anar Məmmədov şagirdlərin zərərli vərdişlərdən uzaq olmaları üçün aparılan maarifləndirici söhbətlərin əhəmiyyətindən, bu tədbirin artıq 2014-cü ildən başlayaraq Şəkinin bütün ümumi təhsil məktəblərində mütəmadi keçirilməsindən danışıb. O, cari tədris ilində də müvafiq maarifləndirici tədbirlərin keçirilməsinin planlaşdirildiğını vurğulayıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar”, Şəki rayon prokuroru Elmar Camalov “Dini radikalizimə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda geniş məruzələrlə çıxış ediblər. Şagirdləri maraqlandıran suallara ətraflı və izahlı cavablar verilib, şagirdlərin zərərli vərdişlərdən uzaq olmalarının vacibliyi vurğulanıb.
Sonra Şəki Şəhər 5 nömrəli tam orta məktəbin direktoru Filyar İbrahimova rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Mahal Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Səlim Səlimov, DİN Mətbuat xidmətinin Şəki Regional, qrupunun baş inspektoru Mahir Məsimov, həmkarlar komitəsinin nümayəndələri, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, perspektiv addımlar müəyyənləşdirilib.