09.02.2018

 Şəki rayonu I Biləcik kənd tam orta məktəbində "Dilimiz varlığımızdır" mövzusunda Dəyirmi masa keçirilib

21 Fevral-Beynəlxalq Ana Dili Günü ərəfəsində Şəki rayonu I Biləcik kənd tam orta məktəbində "Dilimiz varlığımızdır" mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masada bu məktəblə yanaşı, qonşu II Biləcik kənd tam və Baqqal kənd ümumi orta məktəblərinin də müəllim və şagirdləri,məktəb rəhbərləri,eləcə də Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndələri iştirak etmişlər.Tədbiri direktorun tərbiyə işləri üzrə müavini R.Bədiyev açdıqdan sonra Azərbaycan dili və ədəbiyyat müəllimləri V.Məmmədovanın,A.Həmidovanın,R.Ağasiyevin məruzələrində doğma Azərbaycan dilinin zənginliklərindən danışılmışdır. I Biləcik kənd məktəbinin direktoru T.Həsənova,II Biləcik kənd məktəbinin tərbiyə işləri üzrə direktor müavini Ə.Abdullayev,təhsil şöbəsinin metodisti R.Rəşidov,yuxarı sinif şagirdləri çıxış edərək, mövzu ətrafında öz fikirlərini söyləmişlər.

Hər üç məktəbin şagirdlərinin ifasında B.Vahabzadənin,X.R.Ulutürkün,T.Bayramın və başqa yazarların ana dili barədə şeirləri və fikirləri səsləndirilmişdir.

Sonda Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini E.Abdullayev çıxış edərək hələ yetmişinci illərin sonlarında Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapması,müstəqillik illərində isə onun öz mövqeyini daha da möhkəmləndirməsi,inkişaf etdirilməsi üçün Ümummilli lider Heydər Əliyevin göstərdiyi səylərdən, diqqət və qayğıdan danışmış,bu dilin qorunub təmiz saxlanılması və ona mükəmməl yiyələnmələri üçün məktəblilərə öz tövsiyələrini vermişdir.

Olduqca maraqlı keçən tədbirdən iştirakçılar xoş təəssüratlarla ayrılmışlar.


Açar sözlər: ,  ,  ,