03.02.2018

Şəki təhsil işçiləri Gənclər Gününü qeyd ediblər

2 Fevral – Gənclər Günü münasibətilə Şəki Şəhər Təhsil Şöbəsində tədbir keçirilib.

Tədbiri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva giriş sözü ilə açaraq, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev Azərbaycanda uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafı, onların bilikli, savadlı və sağlam böyümələri, milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvər ruhda tərbiyə almaları üçün təhsil müəssisələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açıb. E.Abdullayev qeyd edib ki, yalnız 2017-2018-ci dərs ilində Şəkinin ümumi təhsil məktəblərində 200-ə yaxın gənc müəllim Təhsil Nazirliyi tərəfindən vahid qaydada həyata keçirilən müəllimlərin işə qəbulu imtahanından uğurla keçərək, ixtisaslarına uyğun müvafiq işlə təmin olunublar.

Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Sonra bir qrup fəal təhsil işçisinə ATİAHİ Şəki rayon komitəsinin hədiyyələri təqdim edilib.

Tədbir gənclərlə görüş çay süfrəsi arxasında davam etdirilib.


Açar sözlər: ,