Şəkidə 2 Fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Şəki Şəhər Təşkilatının, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin nümayəndələri, rayondakı ümumi təhsil, orta ixtisas və ali məktəblərin şagird və tələbələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova çıxışında bildirib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması dövlət başçısının strateji siyasətinin nəticəsidir. Ölkə Prezidentinin uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.
Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. V.İsgəndərov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyinə daim böyük diqqət yetirib.
YAP Şəki Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov bildirib ki, Azərbaycanda gənclər siyasəti hər zaman xüsusi yer tutub. Təsadüfi deyil ki, bu gün Azərbaycan gəncliyi müasir tələblərə cavab verən və yüksək intellektli bir qüvvə kimi formalaşıb.
Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycanın qazandığı uğurlardan, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən, bu inkişafa gənclərin verdiyi töhfələrdən danışıb. O, 2016-cı ilin aprel döyüşlərində göstərilən şücaəti gənclərimizin vətənpərliyinin bariz nümunəsi kimi səciyyələndirib.
Tədbirdə çıxış edən fəal gənclər ölkə başçısı tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda xüsusi nailiyyətləri ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.