27.12.2017

"Vaqif poeziyasının işığında" ədəbi-bədii kompozisiyası nümayiş etdirilib

                   2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur.Onun adı YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmişdir.

                  "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təhsil nazirliyinin Tədbirlər Planına uyğun olaraq Şəkinin ümumtəhsil məktəblərində də ilboyu müxtəlif tədbirlər hazırlanıb həyata keçirilmişdir.Bu cür tədbirlərdən biri də dekabrın 26 -da Heydər Əliyev Mərkəzində baş tutmuşdur.Şəhər 17 nömrəli tam orta məktəbin kollektivi tərəfindən hazırlanmış "Vaqif poeziyasının işığında" adlı ədəbi-bədii kompozisiyada aparıcılar  şairin həyat yoluna və yaradıcılığına nəzər salmış,şagirdlərin ifasında şairin şeirləri,sözlərinə yazılmış mahnılar ifa olunmuş,Xalq şairi Səməd Vurğunun "Vaqif" pyesindən səhnəciklər göstərilmiş,şairin yaraıcılığı ilə bağlı rəngarəng videoçarxlar nümayiş etdirilmişdir.

                  Şəki şəhər təhsil şöbəsi müdirinin müavini E.Abdullayev tədbirdə çıxış edərək gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsində bu cür tədbirlərin əhəmiyyətindən danışmış, bilavasitə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışını qüdrətli söz ustası olan Vaqif yaradıcılığına Ümummili liderin böyük qiymətinin təzahürü olduğunu xüsusi vurğulamışdır.

                   Təhsil şöbəsinin metodist və məsləhətçilərinin,digər məktəblərdən və mədəniyyət müəssisələrindən gəlmiş nüayəndələrin də iştirak etdiyi tədbirin sonunda isə məktəbin kollektivinə ədəbi-bədii kompozisiyanın yüksək səviyədə təşkilinə görə Şəki şəhər təhsil şöbəsinin və Heydər Əliyev Mərkəzinin Fəxri fərmanı təqdim edilmişdir.