"Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarına əsasən artıq 2-ci ildir ki, 5 yaşlı uşaqlar üçün respublikamızın ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına açılmış məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.Əgər keçən dərs ilində Şəkinin 66 ümumtəhsil məktəbində yaradılmış bu cür 100 qrupa 1961 nəfər 5 yaşlı uşaq cəlb edilmişdisə, cari dərs ilində onların əhatə dairəsi daha da artmış,77 məktəbdə açılmış 117 qrupda 2032 nəfər uşağın ümumi təhsil prosesinə hazırlığı təmin edilmişdir.
Hazırda Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 №-li əmri ilə elan olunmuş “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirləri əhatə edən Təhsil Nazirliyinin Fəaliyyət planına uyğun olaraq Şəki şəhər təhsil şöbəsi tərəfindən rayonun bir sıra ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında təlimin təşkili vəziyyətinin monitorinqi keçirilir.Monitorinqin nəticələrinin təhsil şöbəsi şurasında müzakirəsi nəzərdə tutulmuşdur.Aparılmış ilkin sorğu və müşahidələr göstərmişdir ki,5 yaşlılar məşğələlərə həvəslə davam edir,tədris olunan mövzulara böyük maraq göstərirlər.Müəllimlər isə məşğələlərin maraqlı və canlı keçməsi üçün bütün mümkün üsul -vasitələrdən bacarıqla istifadə edirlər.