27.11.2017

Şəkidə  “Nizaminin söz dünyası“ adlı  ədəbi-bədii gecə keçirilib

        Şəki şəhər 20 nömrəli tam orta məktəbdə “Nizaminin söz dünyası “adlı  ədəbi-bədii gecə keçirilmişdir.Gecədə dahi Azərbaycan şairi  Nizami Gəncəvinin söz dünyasına səyahət edilmiş,şagirdlərin ifasında onun şeirləri səsləndirilmiş,xalqımızın milli-mənəvi dəyərləri sırasında özünə əbədi yer tutmuş “Xəmsə “ yə daxil olan poemalarından ayrı-ayrı parçalar  səhnələşdirilərək nümayiş etdirilmişdir.Ədəbi-bədii gecədə böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Nizaminin sözlərinə  yazdığı “Sənsiz”  və “Sevgili canan”  romanslarının səsləndirilməsi iştirakçılarda xüsusi ovqat yaratmışdır.

        Şəki şəhər 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Həsənova və şəhər təhsil şöbəsinin metodisti Gülxar Salamaova çıxış edərək Nizami yaradıcılığının məziyyətlərindən danışmış,böyüməkdə olan gənc nəslin mənəvi,əxlaqi və estetik tərbiyəsində bu gün də əhəmiyyətli rol oynamasını xüsusi vurğulamışlar.

          Məktəbin direktoru Səbuhi Qurbanov və Şəki şəhər təhsil şöbəsi müdirinin müavini Elxan Abdullayev çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanıb  keçirilməsində zəhməti olan müəllim və şagirdlərə öz minnətdarlıqlarını bildirmiş,”Təhsildə keyfiyyət ili” olan 2017/2018-ci dərs ilində məktəbin pedaqoji kollektivinə yeni-yeni uğurlar arzulamışlar.