Şəki müəllimləri öz peşə bayramlarını – Beynəlxalq Müəllimlər Gününü yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər. Bu da təsadüfi deyil. Onların yetirmələri ötən tədris ilində bir çox nailiyyətlər əldə edib, respublika və beynəlxalq səviyyəli müsabiqələrdə, olimpiadalarda uğur qazanıblar. Tədris ilinin yekunlarına görə məzunlardan üçü qızıl medala layiq görülüb. Şəki məktəbliləri ali məktəblərə qəbul imtahanlarında da uğurlu nəticələr əldə edib, 674 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 145 nəfəri 500-dən, 60 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.
Bu barədə Beynəlxalq Müəllimlər Günü münasibətilə oktyabrın 5-də Şəki şəhərində keçirilən tədbirdə məlumat verilib.
Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qabaqcıl müəllimlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, savadlı nəslin formalaşmasında, şəxsiyyətin və vətəndaşın tərbiyə olunmasında müəllimin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, şərəfli peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müstəqil Azərbaycanın gələcəyi məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan çox asılıdır.
Vurğulanıb ki, zəngin maarifçilik ənənələri olan Şəkidə elmə, təhsilə, müəllimə həmişə yüksək münasibət, hörmət bəslənilib və bu ənənə indi də davam edir.
Bildirilib ki, Şəki təhsilinin əldə etdiyi uğurlar hər il olduğu kimi, bu il də dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin oktyabrın 3-də imzaladığı Sərəncamla şəhər təhsil şöbəsinin metodiki kabinetinin müdiri Firəngiz İbrahimova “Əməkdar müəllim” fəxri adına, şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Gülxanım Balaşova isə “Tərəqqi” medalına layiq görülüblər. Ümumiyyətlə, son 5 ildə rayonun 14 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 8 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub.
Tədbirdə şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova ötən tədris ilində Şəki müəllimlərinin qazandığı uğurlar barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, cari ilin mayında müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanda Şəki rayonunun müəllimləri yüksək bilik və bacarıq nümayiş etdiriblər. Belə ki, imtahanda iştirak edən 3310 müəllimdən 1098 nəfəri 40-49 bal, 677-si 50-59 bal, dördü isə maksimum nəticə göstərərək 60 bal toplayıb.
Məktəblilər tədbir iştirakçılarını müəllimə,onun çətin və şərəfli əməyinə həsr olunmuş şeirlərlə salamlamışlar.
Tədbirin sonunda isə rayonun bir qrup qabaqcıl müəlliminə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.