13.09.2017

Şəkidə təhsil işçilərinin sentyabr konfransı keçirilib

         Şəki təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.Şəhər İcra hakimiyyətinin akt zalında sentyabrın 11-də baş tutan konfransı başçının təhsil,səhiyyə və mədəniyyət üzrə müavini,humanitar şöbənin müdiri Zərinə xanım Cavadova giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlamış,son illərdə Şəkidə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə qısa məlumat vermişdir.

        "2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr haqqında" Şəki Şəhər Təhsil şöbəsinin müdiri Südabər xanım İsmayılovanın geniş məruzəsi ətrafında müzakirələrdə Baş Zəyzid kənd tam orta məktəbinin direktoru Söhbət Salmanov,müəllimlərin Diaqnostik Qymətləndirilməsi imtahanlarında ən yüksək - 60 bal toplamış Cumaykənd tam orta məktəbinin biologiya müəllimi Elşad Abbasov,şəhər 11 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Çinarə Kərimova, imtahanlarda 685 bal toplayaraq BDU-nun hüquq fakultəsinə qəbul olunmuş Şəki birincisi, şəhər 18 nömrəli tam orta məktəbin məzunu Əfsanə Rəsulova çıxış etmişlər.

       Konfransda iştirak edən Respublika Təhsil Nazirliyinin məsul nümayəndəsi Səadət Veyisova ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından söz açmış,son illərdə həyata keçirilən islahatyönümlü tədbirlər barədə ətraflı məlumatlar vermiş,Şəkinin təhsil işçilərinin qazandlıqları nailiyyətləri yüksək qiymətləndirmişdir.Qəbul imtahanlarında yüksək bal toplamış,qızıl medalla təltif olunmuş,eləcə də müxtəlif olimpiada, müsabiqə və yarışlarda qalib gəlmiş məktəblilərə və DQ imtahanlarında 60 bal toplamış müəllimlərə layiq görüldükləri medallar və Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyələri təntənəli şəraitdə təqdim olunmuşdur.

        Sonda Baqqal kənd ümumi orta məktəbinin müəllimi Vüsalə Məmmədova Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni ilə konfrans iştirakçılarını tanış etmiş və müraciət yekdilliklə qəbul olunmuşdur.
        Konfrans  öz işini sentyabrın 12-də bölmə iclaslarında davam etdirmişdir.