Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə davam etdirilən ordu quruculuğu prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu gün ordumuzun bir hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin gücləndirilməsi, onun sağlam, bilikli və vətənpərvər vətəndaşlarla komplektləşdirilməsi Vətənimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 5-ci ildönümü münasibətilə fevralın 13-də Şəkidə keçirilən tədbirdə səsləndirilib. Şəhər 10 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilmiş,Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra SHXÇDX-nin beş illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə SHXÇDX-nin Şəki rayon şöbəsinin rəisi, polkovnik A. Əhmədov çıxış edərək, Xidmətin yaranmasından ötən beş ildə səfərbərlik, gənclərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi və müasir texnologiyaların tətbiqi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, SHXÇDX yaradıldıqdan sonra çağırışçıların həqiqi hərbi xidmət keçmələri üçün Silahlı Qüvvələrin hissələrinə təyin olunmaları sahəsində şəffaflığın təmin olunması üçün mühüm işlər görülüb.Eyni zamanda qeyd olunub ki, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və çağırışaqədər yaş həddində olan gənclər arasında təbliğat və təşviqat işinin aparılması məqsədi ilə ümumtəhsil müəssisələrində ibtidai hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsi üçün mühüm işlər görülür. Tədbirdə şəhər icra hakimiyyəti başçısının birinci müavini H.Həsənov, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərləri,şəhid atası O.Salamov və 8 nömrəli beynəlmiləl tam orta məktəbin müəllimi C.Qəniyev v'ə başqaları çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıblar. Natiqlər Şəkili gənclərin də Vətənin müdafiəsinə hər an hazır olduqlarını diqqətə çatdırmış, torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına əminliklərini ifadə etmişlər.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub. Şəkinin ümumtəhsil məktəbləri arasında məzunları ali hərbi məktəblərə qəbulda daha çox fərqlənən 8 nömrəli tam orta məktəbin Gənclərin ÇQH rəhbəri Cəlal Qəniyev də hərbi vətənpərvərlik tərbiyəsi sahəsində xidmətlərinə görə SHXÇDX-nin Diplomu ilə təltif olunmuşdur.