20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar.

Beləliklə, noyabrın 15-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib.

Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin,  həmçinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün dekabr ayının 25-dən sonra qiymətləndirmə keçiriləcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.