09.09.2016

Şəki təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

      Sentyabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin iclas zalında  Şəkinin təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.Konfransı giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq son illərdə Şəkidə təhsil müəssisələrinin tədris-maddi bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən danışmış,təhsil sahəsində əldə olunan uğurları qeyd edərək Şəki müəllimlərinin əməyini yüksək qiymətləndirmişdir.Sonra Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova “2015-2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələr haqqında “  geniş məruzə ilə çıxış etmişdir.Məruzə ətrafında müzakirələrdə Baş Zəyzid kənd tam orta məktəbinin direktor müavini Ərəstun Nurməmmədov,Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova,690 balla Azərbasycan Tibb Universitetinə qəbul olmuş şəhər 7 №li tam orta məktəbin məzunu Nigar Abdurahmanova,həmin məktəbin tarix müəllimi Nəzakət Hüseynova,Kiş kənd Heydər Əliyev adına 1 №li tam orta məktəbin  675 balla ali məktəbə daxil olmuş məzunu Gülşən Baxışovanın valideyni Anar Baxışov çıxış etmişlər.Respublika Təhsil Nazirliyinin məsul nümayəndəsi Əsgər Quliyev konfransda geniş çıxış edərək Azərbaycanda təhsilin inkişafı sahəsində dövlət strategiyası ilə bağlı görülən işlərdən,həyata keçirilən yeni layihələrdən danışmış,Şəkinin təhsil işçilərini əldə edilən uğurlar münasibətilə təbrik etmiş və qarşıda duran vəzifələri nəzərə çatdırmışdır.

         2015-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi”  adına  layiq  görülmüş  şəhər 11 №li  və  Orta Zəyzid  kənd  2 №li tam orta məktəbinə ,eləcə də “Ən yaxşı müəllim” adına  layiq görülmüş şəhər 5 №li tam orta məktəbin müəllimi Nərmin Musayevaya müvafiq Diplom və Vəsiqələr təqdim edilmişdir. 2016-cı ildə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş 61 nəfər Şəki məktəblisinə isə  Şəki Şəhər İcra Hakimiyyətinin,Şəhər Təhsil Şöbəsinin və TİAHİ Şəki Şəhər Komitəsinin mükafatları  verilmişdir.

        Konfransın sonunda Şəkinin təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.