27.02.2020

Şəki rayonu üzrə "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsi keçirilib

Şəki rayonu üzrə məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa çatıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar IX-X-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Müsabiqənin bu  mərhələsində 44 nəfər rayon  məktəblisinin təqdimatı dinlənilib.

Münsiflər heyətinin rəyinə əsasən, Şəki şəhər 10 nömrəli tam orta məktəbin XI  sinif şagirdi İnci Abdulsəlimli  təqdimatı rayon üzrə ən yaxşı təqdimat olaraq seçilib və təqdimat müəllifi apreldə keçiriləcək müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsində qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı və ifadəliliyi, söz ehtiyatının zənginliyi, ulu öndərin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyən olunmuş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.