26.02.2020

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin  tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin ehtiramla xatirəsini yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdan ibarətdir.

Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Unudulmayan faciə, sağalmaz yara”, "Xocalısız 27 il", “Xocalı-əsrin faciəsi”,  “Xocalı uşaqların gözü ilə”, "Xocalı qətliamı dünya tarixinin qan yaddaşında", “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri təşkil edilib.

Tədbirlərdə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu bildirilib. Erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə işgəncələrə, zülm və təhqirlərə məruz qalmalarından danışılıb.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.