17.02.2020

Zona müşavirə-treninqi keçirilib

Şəki şəhəri 10 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Ərazilərin Minalardan Təmizlənməsi Dövlət Agentliyinin (ANAMA) təşkilatçılığı ilə birgə zona müşavirə-treninqi keçirilib.

Zona müşavirə-treninqinin əsas məqsədi partlamış və partlamamış mina, silah və sursatlarının tanıdılması, baş verə biləcək faciələrin vaxtında qarşısının alınması, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirmə işinin düzgün təşkilindən ibarətdir.

Seminar-treninq həmçinin gənclərin çağırışaqədərki hazırlığı (GÇH) kabinetində təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə məlumatlandırmaq, təhlükəsizlik qaydalarına riayət etmənin vacibliyini çatdırmaq, GÇH rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək qayəsinə xidmət edir.

Tədbirdə çıxış edənlər bu fənnin şagirdlərin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması, vətənpərvər ruhlu vətəndaş kimi formalaşması baxımından mühüm rol oynadığını, eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsənilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət etdiyini nəzərə çatdırıblar.

Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”lərinə məlumat verilməsinin önəmi vurğulanıb.

Daha sonra tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramın”da qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib.

Sonda təlim silahları, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,