16.12.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Şəki rayon Oxud kənd ümumi orta məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, məktəbin direktoru Murad İsmayılov, Oxud kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Məmmədova və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Murad İsmayılov böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

Çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. O qeyd edib ki, öz düşüncəsinə, əqidəsinə sadiq olan mütəfəkkir şair gənclərimiz üçün örnəkdir.

Məktəbin Azərbaycan-dili və ədəbiyyatı müəllimi Seyidzadə Solmaz bildirdi ki, mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. O, Nəsiminin xüsusilə ölkə poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.

Tədbirdə şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin həyat və fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,