08.10.2019

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin ötən tədris ilində start verdiyi “Məktəbimizdə” fotorubrikası davam edir.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Budəfəki görüntülər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdən çəkilib.

1950-60-cı illərdə sözügedən məktəb respublikamızda qabaqcıl maarif ocağı kimi tanınırdı. 1992-ci ildən Azərbaycanın maarifpərvər ziyalısı, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyevin adını daşıyan tədris ocağı bu gün də öz ənənələrini davam etdirir. Məktəbin kollektivi arasında “Əməkdar müəllim” fəxri adına layiq görülmüş müəllimlər də var.

Təhsil müəssisəsi 2012-ci ildə “İlin ən yaxşı ümumtəhsil məktəbi” mükafatına layiq görülüb. 2018-2019-cu tədris ilində məktəbin IX sinfini 72 şagird bitirib. Onlardan 8 nəfər ümumi orta təhsil haqqında fərqlənmə attestatı alıb. Həmin tədris ilində məzun olan 41 nəfərdən ikisi fərqlənmə attestatı ilə məktəbi bitirib.

2018-2019-cu dərs ili üzrə məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 85 faiz olub.


Açar sözlər: ,  ,  ,