16.09.2019

 “Bilik günü” qeyd olunub

Bu gün Şəki rayonu ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə Şəki Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri,  müharibə iştirakçıları və əmək veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim etdirilib.

Yeni tədris ilində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 29310 şagird təhsil alacaq. Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 2687-dən çox,  IX sinfində 2062, X sinfində  1901, XI sinfində  1749 şagird təhsil alacaq.

Qeyd edək ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində 96 ümumi təhsil məktəbi, 71-i tam orta məktəb, 22-si ümumi orta məktəb, 3-ü ibtidai məktəb və  2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla 98 təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,  ,