11.06.2019

Samirə Səlimova - “Müəllimlik peşəsi həm şərəfli, həm də məsuliyyətli peşədir”

Samirə Səlimova 1983-ci ildə Şəki şəhərində anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Pedoqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2008-ci ildə Bakı Slavyan Universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2006 Şəki şəhər 20 saylı tam orta məktəbdə, 2009-2011 Şəki Pedoqoji Texnikumunda pedoqoji fəaliyyətlə məsğul olub. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə 51 bal toplayaraq Şəki rayon Çələbixan qəsəbə  tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat  müəllimi təyin olunub. Samirə müəllimlə olan müsahibəni təqdim edirik.

Samirə xanım, müəllimlik peşəsi haqqında çox sözlər söylənilib,  fikirlər də müxtəlifdir. Siz necə düşünürsünüz bu barədə?

Müəllimlik peşəsi olduqca həm şərəfli, həm də məsuliyyətli peşədir. Bəzən fiziki əmək tələb edən işdə çalışanlar müəllimliyin o qədər də çətin olmadığını düşünürlər. Amma əsla belə deyil. Bu sənət həm fiziki, həm də zehni yorğunluq tələb edir. Bəzən uşaqların nadincliyini də bura əlavə etsək əsəbi yorğunluq da özünü göstərir. Hansı sənət sahəsində çalışırsan çalış, hər kəs  həyatını müəyyən dövründə peşəkar müəllim rəhbərliyinə ehtiyac duyur. Digər peşə sahiblərinə müraciət etməyən çox insan var, amma müəllim qarşısında əyləşməyən birini tapmaq, məncə, çətindir. Cəmiyyətimizdə hörmət edilən insanlara "müəllim" deyə müraciət edilməsi bu peşənin nə qədər şərəfli olmasını bir daha təsdiqləyir.

İlk dərs gününüz necə keçdi?

Çox yaxşı, şagirdlər məni, mən də onları tanımağa çalışdım. İlk dərsim 5-ci sinfə idi. Nədənsə uşaqlar mənə çox doğma, şirin gəldilər. Hər biri fəal iştirak edib  yeni müəllimlərinin ürəyinə yol tapmağa çalışırdılar. Düşünürəm ki, mən də müəyyən qədər onların sevgisini qazana bildim. Bunu uşaqların üzündəki təbəssümdən anlamaq olardı.

İşlədiyiniz məktəb yaşadığınız yerdən kifayət qədər uzaqdır. Gəlib-getmək sizin üçün çətin deyilmi?

Əvvəllər çətin görünürdü. Yollar uzanır, bitmək bilmirdi, sanki sonu olmayan bir yerə gedirəm. Məktəbə gedən ayrıca avtobusun olmaması, həmin istiqamətə gedənlərin də bəlli vaxtlarda olmaması işimizin çətin olacağı haqda fikir yaradırdı. İndi öyrəşmişəm. Artıq yol gedərkən məktəbdə məni səbrsizliklə gözləyən uşaqları düşünürəm.

Kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olursunuz. Hansı çətinliklərlə rastlaşırsınız?

Hər bir işin çətinliyi var. İndiyədək elə bir ciddi çətinliklə qarşılaşmamışam. Lakin burada bəzi valideynlərin övladlarını təsərrüfat işlərində çalışdırmaqla onları verilən tapşırıqları yetərincə hazırlaşmaqlarına mane olduğunun şahidi oldum. Düzdür, övlad valideynə kömək etməlidir, amma əsas vəzifəsinin oxumaqdan ibarət olduğunu unutmamaq şərtilə.

Şagirdlərinizlə münasibətiniz maraqlıdır. Onlar bir müəllim kimi Sizi necə tanıyırlar?

Uşaqlarla münasibətim yaxşıdır. Ümumiyyətlə, onlarla işləməyi çox sevirəm. Məncə, qarşındakını anlamaq üçün bəzən özünü onun yerində hiss etmək lazımdır. Axı biz də nə vaxtsa uşaq olmuşuq.(Düzdür özüm sözəbaxan olmuşam)Onların enerjisi dərsdə mənə də keçir. Uşaqlarla həmişə səmimi münasibət qurmağa çalışmışam. Sizə bir əhvalat danışım. Dərs ilinin əvvəllərində özümü çox yorğun hiss edirdim. Saatlarım azalması üçün məktəb rəhbərliyinə müraciət etdim. Çıxış yolu kimi 5-ci sinfi alınıb başqa sinfin verilməsi təklif olundu. Fikirləşmək üçün bir gün vardı. Dərs qurtarıb evə gedəndə 5-ci sinif şagirdləri mənə kağız təqdim etdilər. Evdə oxuyub çox təsirləndim. Ertəsi gün qərarımı verdim: Uşaqların mənə olan etimadını doğrultmalıydım və onlardan imtina etməyə haqqım olmadığına əmin oldum.

Samirə xanım müəllim olmasaydınız, özünüzü hansı peşə sahibi kimi görərdiniz?

Əslində müəllimlik üzərində böyük bir məsuliyyətin olduğu, eyni zamanda çətin, həm məsafə uzaq olduqda fiziki, həm də əqli, psixi, mənəvi güc tələb edən peşədir. Müəllim sağlam düşüncəyə, geniş dünyagörüşə sahib olmalıdır. Tam səmimiyyətimlə qeyd edim ki, pedaqoji fəaliyyətə başlayarkən də, elə  indi də həmin  sualı öz özümə ünvanlayıram. Cavabında isə müəllim olmasaydım özümü başqa bir peşənin sahibi kimi görməzdim. Mənim kimliyim, xarakterim, qəlbimdə olan şagird sevgisi, fənn sevgisi yalnız bu peşə üçün yaradıldığıma nümunədir.

Bu gün müəllim nüfuzunun yüksəldilməsi əsas müzakirə mövzularından biridir. Sizcə, müəllim nüfuzlu olmaq üçün nə etməlidir?

Müəllim nüfuzlu olması üçün birinci növbədə özünə hörmət etməlidir, əsl müəllim kimi davranmalıdır. Bura geyimdən tutmuş davranışa qədər hər şey daxıldir. Bir müəllimin davranışı bütün müəllimlər haqqında təsəvvür  yaradır; bu müsbət də ola bilər, mənfi də. Cəmiyyətimizdə müəllim haqqında həmişə müsbət fikir formalaşıb, müəllim ictimai yerlərdə ən hörmət edilən insanlardan olub. Ulu öndərimiz bu barədə qeyd etmişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Lakin az da olsa müəllim adına xələl gətirənlər də var. Çalışmalıyıq ki, bu adı uca tutaq və belə şərəfli adın nüfuzdan düşməsinə izn verməyək.


Açar sözlər: ,  ,