22.04.2019

“Yaşıl məktəb” aksiyasına Şəki rayon ümumtəhsil məktəbləri də qoşulub

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyasına Şəki rayon ümumtəhsil məktəbləri də qoşulub. Belə ki, Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin həyətlərinə məktəbin pedaqoji və şagird kollektivi tərəfindən meyvə ağacları, dekorativ ağac və güllər əkilib.

“Yaşıl  məktəb” aksiyası çərçivəsində aprel ayının sonunadək Şəki Şəhər Təhsil Şöbəsinin  tabeliyindəki təhsil müəssisələrinin ərazisində 2000-dən çox tingin əkilməsi nəzərdə tutulub.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.