15.03.2019

Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə

Martın 15-də Şəki şəhər 8 nömrəli tam orta məktəbdə Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər-Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyek və onun törətdiyi bəlalar”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında tədbir keçirilib.

Tədbirdə Təhsil Şöbəsi, Şəki Şəhər-Rayon Polis Şöbəsi və Şəki Rayon Prokurorluğunun əməkdaşları,  məktəbin müəllimləri və X, XI sinif şagirdləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səttar Ələsgərli qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.

Tədbirlərin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Muradov “Narkomaniyaya yox deyək və onun törətdiyi bəlalar”, Şəki rayon prokuroru Elmar Camalov “Dini radikalizimə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, mövzusunda geniş məruzələrlə çıxış ediblər.

Daha sonra çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova bildirilib ki, narkomaniya təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

Sonra məktəbin direktoru Səttar Ələsgərli rəhbərlik etdiyi məktəbdə belə tədbirlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu  vurğulayaraq, qonaqlara öz təşəkkürünü bildirib. O, məktəbin nailiyyətlərindən qarşıda duran məqsəd və vəzifələrdən də söhbət açıb.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

 


Açar sözlər: ,  ,  ,