07.03.2019

"Ölüm var ki, həyat qədər dəyərli" adlı tədbir keçirilib

Şəki şəhər 11 nömrəli tam orta məktəbin rus dili müəllimi Sevda Sadıqovanın təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Ölüm var ki, həyat qədər dəyərli" adlı tədbir keçirilib.

Tədbirdə Şəki şəhər Təhsil Şöbəsinin nümayəndələri, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi layihə metodikası baş təlimçi  Xəyal Poladov, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov,  Şəhid Elnur İsgəndərovun anası və oğlu, məktəb rəhbəri, müəllim və şagirdlər kollektivi iştirak ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.

Tədbirdə  həmçinin şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş olunub, qəhrəmanlara həsr olunmuş şeirlər səsləndirilib, Mübariz İbrahimovun həyat yoluna və qəhrəmanlığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində doğulub. Doğma kəndində təhsil aldıqdan sonra hərbi xidmətdə olub.Sonradan könüllü olaraq "N" saylı hərbi hissələrinin birində gizir kimi xidmətə başlayıb. 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə təkbaşına onlarla erməni əsgər və zabitini məhv edərək, Şəhidlik zirvəsinə ucalıb.


Açar sözlər: ,  ,  ,