12.11.2018

“Uşaq hüquqları  aylığı” çərçivəsində silsilə tədbirlər

20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində silsilə tədbirlərin təşkili davam edir.

Layihənin əsas məqsədi şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsini inkişaf etdirmək, ictimai fəallığını artırmaq, onlara mənəvi dəyərlər və vətənpərvərlik, sağlam həyat tərzi aşılamaq, eləcə də müvafiq fənn müəllimlərinə insan hüquqları sahəsində əlavə məlumatlar verməkdən ibarətdir.

Aylıq çərçivəsində təhsil müəssisələrində “Mən öz hüquqlarımı bilirəm”, “Uşaq hüquqlarının ən yaxşı bilicisi”, “Uşaqlar öz hüquqlarını  niyə bilməlidir?”, “Bizim hüquqlarımız”, “Uşaq hüquqlarını pozmayaq”, “Mənim qanunum məni müdafiə edir”, “Uşağın ailədə və cəmiyyətdə hüquqları”, “Dövlətimin tamhüquqlu vətəndaşıyam” və digər mövzularda  “Dəyirmi masa”, seminar, konfrans,  təqdimatlar, rəsm müsabiqələri keçirilir.

Tədbirlərdə  şagirdlərə  BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının  müddəaları izah edilib, bu Konvensiyanın şərti olaraq dörd kateqoriyası – yaşamaq, inkişaf, iştirak və müdafiə kateqoriyaları barədə məlumat verilibdir.

Görüşlərdə ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışılır,  şagirdlərə  hüquqlarının pozulması hallarına qarşı mübarizə yollarını izah edilir.

Ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.  


Açar sözlər: ,  ,  ,  ,